Azərbaycanda "krizis xətti”nə daha çox qadınlar zəng edib

"Gənclər üçün krizis telefon xətti"nə edilən zənglərin 80%-i zərif cinsin nümayəndələrinə məxsusdur
2006-cı il tarixindən Gənclər və İdman Nazirliyinin dəstəyi və “İnkişaf naminə təşəbbüs” İctimai Birliyi tərəfindən fəaliyyətə başlamış ”Gənclər üçün krizis telefon xətti”nə 20 mindən çox müraciət olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, oların 80%-ni qadınlar təşkil edir. Xidmətə müraciət edən gənclərin ən çox üzləşdiyi problemlər şəxslərarası münasibətlər, ailədə konfliktlər, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, yaxın adamın itkisi, məşğulluq problemləri, gəncə qarşı zorakılıq, alkoqola və narkotiklərə qurşanma və sairədir.

Qaldırılan problemlər və zəng edənin yaşı, cinsi, sosial qrupa mənsubiyyəti təhlil edilir. Bu da müasir dövrdə gənclərin əsasən hansı səbəblərdən psixoloji böhran vəziyyətinə düşdüyünə aydınlıq gətirməyə köməklik edir.

Qeyd edək ki, krizis xəttinin əsas məqsədi böhran vəziyyəti yaşayan gənclərə təcili psixoloji yardım göstərmək, özünə və ətrafdakılarına qarşı təhlükəli ola biləcək əməllərin qarşısını almaq, böhranın əmələ gəlməsi ilə əlaqədar olan faktorları araşdırmaqdır.

Xidmət həftə içi fəaliyyət göstərir. Bütün zənglər pulsuzdur və məxfilik tam olaraq təmin olunur. Xətdə işləmək üçün ali təhsil almış psixoloqlar seçilir və əlavə olaraq onlar üçün beynəlxalq metodikalar üzrə xüsusi treninqlər təşkil edilir. Xəttin telefon nömrəsi - 510 66 36-dır.