Dünyanın ən təhlükəli gölü (FOTO)

Bu göl al qırmızı rəngə boyanır.
Dünyanın müxtəlif yerlərində yerləşən qeyri adi təbiət mənzərələri haqqında dəfərlə məlumat vermişik. Qeyri adi göllər, gözəlliyi ilə turistləri cəlb edən adalar, qeyri adi restoranlar və s. Bu qeyri adi hadisələr və təbiət mənzərələri hər kəsin marağına səbəb olur.

Lakin bu dəfə ANS PRESS sizə gözəlliyi ilə yanaşı öz təhlükəliliyi ilə də məşhurlaşan bir göl haqqında məlumat verəcək.

Tanzaniyanın şimalında yerləşən bu qeyri adi rəngli həmdə təhlükəli gölün dərinliyi 3 metrə yaxındır. Bu gölün adı da natron mineralının adından əmələ gəlmişdir. Mövsümdən asılı olaraq gölün üzəri Şərqi Afrika dərəsindən gələn vulkanik kül ilə birgə mineral duzlarla örtülə bilər.

Gölün qələviliyi 9–10,5 pH arasında dəyişə bilər, onun temperaturu isə 60 °C-ə çatır. Bu səbəbdən də onun üzərinə düşən hər bir canlı (xüsusən də quşlar) dərhal həlak olurlar. Bu zaman onların qalıqları mineral maddələrlə örtülür və daşlaşmağa başlayır. Suyun tərkibi və üzəri təmiz olduqda isə burada cəmi bir neçə növ balıq yaşayır. Göldə qələvilik səviyyəsi artdıqda isə burada bir neçə növ bakteriyalar fəallaşmağa başlayır və onların həyat fəaliyyəti gölü al qırmızı rəngə boyayır.

Bu təhlükəli gölün özünəməxsus canlılar aləmi var. Burada geniş şəkildə yayılan flanminqo növü var ki, bu göl onların vəhşi təbiətdən qorunmaq üçün ən ideal çıxış yoludur. Onlar yuvalarını göl üzərində üzən duz adacıqlarında qururlar. Ətrafı gölün suları ilə əhatə olunan bu yuva adacıqlar beləcə qorunur.