Dəhşətli qəza: 1 ölü, 3 yaralı (VİDEO)

Ələt-Astara magistralının 49-cü kilometrliyində ağır yol qəzası baş verib
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ələt-Astara magistral avtomobil yolunun 49-cu kilometrliyi, Salyan rayonu ərazisindən keçən hissəsində “Toyota” və “Vaz” markalı minik avtomobilləri toqquşub.

Cəlilabad rayon sakini, 46 yaşlı İman Ağayevin idarə etdiyi "Vaz-2115" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "Toyota" markalı maşınla qarşı-qarşıya toqquşub. Zərbə güclü olduğundan avtomobillər bir-birindən təxminən 50 metr aralıya düşüb. Qəza nəticəsində hər iki avtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib.

Hadisə zamanı "Toyota"nın sürücüsü, 55 yaşlı Abşeron rayon sakini Ağasahib Cananov xəsarətsiz ötüşsə də "Jiquli"nin sürücüsü İman Ağayev isə yerindəcə keçinib. Avtomobildə olan onun həmyerlisi, 36 yaşlı Natiq Əliyev, Biləsuvar sakinləri 45 yaşlı Bayram Hacızadə və 41 yaşlı arvadı Dilarə Saqıyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Natiq Əliyev xəstəxanada ilk tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralılar isə reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.