İstanbul terrorunda polislərin "WhatsApp" yazışması

Yay günü gödəkçə ilə gələn terrorçu polisi şübhələndirib.
Kamikadzenin özünü partlatdığı yer
Kamikadzenin özünü partlatdığı yer

Türkiyəni qana bulayan, 42 nəfərin ölümünə, 150 nəfərin yaralanmasına səbəb olan terror aktını törədən şəxslərin  milliyyətləri bəlli olub. ANS PRESS-in məlumatına görə, gecə saatlarında onların ilk fotoları da yayılıb. 

Məlumata görə, kamikadzelər tacik əsilli olublar. Onların Atatürk hava limanına giriş zamanı çəkilən fotolarını "Milliyyət" qəzeti əldə edə bilib.

Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin "WhatsApp"yazışması da yayılıb. Bu yazışma hadisədən 5 dəqiqə öncə olub. ​Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu, yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb. 

Atatürk hava limanında çalışan polislərin yazışması
Atatürk hava limanında çalışan polislərin yazışması

Polis "sənədlərinizi görə bilərəmmi?" deyəndə isə kamikadze qorxuya düşərək atəş açmağa başlayıb. 

İlk vurulan da şübhəlini görən polis olub. Polisin yaraladığı terrorçu xarici xətlər terminalının qarşısına qaçır və özünü partladır. Həyat yoldaşı ilk övladlarına 6 aylıq hamilə olan polisin ayıq sayıqlığı onlarla insanı ölümdən xilas edir. Lakin onun özü hazırda ölüm-qalım savaşı verir. 

Bundan sonra digər kamikadzelər də  avtomatdan atəş açmağa başlayıblar. Hücumçulardan biri polis tərəfindən yaralanıb. Onun yanına gələn polis kamikadzenin üzərində bomba olduğunu görüb. Lakin bombaya ziyan vurmamaq üçün hadisə yerindən uzaqlaşıb. 

Terror aktının baş verməsini əks etdirən daha bir videogörüntü yayılıb. Videodan da aydın görünür ki, hava limanı ərazisində sərnişinlər və işçilər adi qaydada işlərini görürlər. Qəfildən silah səsi eşidən sərnişinlər, işçilər qaçmağa başlayırlar. Qısa zaman ərzində ərazi, demək olar ki, tamamilə boşalır. 

 

Şərhlər