Yol polisinin maşını avtobusa çırpıldı: iki ölü var

Yaralanan daha iki nəfər xəstəxanaya çatdırılıb.
Qəzaya uğrayan "Hyundai" arxiv
Qəzaya uğrayan "Hyundai" arxiv

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt Şəhər Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi şəxsi “Hyundai Azera” markalı minik maşını və Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub.

Nəticədə “Hyundai" markalı avtomobilin sürücüsü R.Tahirov və sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yerli mətbuatın məlumatına görə, qəzanı törədən sürücü əslən Zəngilan rayonundan olan Ramin Tahirov yol polisi baş serjantıdır. O, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş.

Ölümlə nəticələnən daha bir qəza ötən gün axşam saat 23 radələrində Ağsu rayonunun Yenilik kəndində qeydə alınıb. Rusiya Federasiyası vətəndaşı Dmitri Pavlov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən rayon sakini Mehman Cavadovun idarə etdiyi “T-40” markalı traktora vurub.

Daha sonra idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb Göyçay rayon sakini İntiqam Bəkirovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə D.Pavlovun sərnişinlərindən həmyerlisi Aleksandra Liçkina hadisə yerində ölüb, digər həmyerlisi xəstəxanaya yerləşdirilib.

 

Şərhlər