Avtomobil aşdı: sərnişin öldü, sürücünün vəziyyəti ağırdır

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
Aşan maşın (Arxiv)
Aşan maşın (Arxiv)

Gəncə-Göygöl avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Qızılqaya qəsəbəsi iqamətgahın qarşısında qeydə alınıb. Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Elmar İlqar oğlu Rzayevin idarə etdiyi “Nissan” markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yolun kənarında olan maneəyə çırpıb.

Qəza zamanı 24 yaşlı sürücü E. Rzayev və sərnişini - şəhər sakini, 1994-cü il təvəllüdlü Azər Sərdar oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılsa da 22 yaşlı Azər Sadıqovun həyatını xilas etmək mümkün olmayıb. Sürücü, 1992-ci il təvəllüdlü Elmar Rzayevin isə vəziyyəti ağırdır. 

Faktla bağlı Gəncə şəhər Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

Ölümlə nəticələnən sonuncu qəza ötən gün Bakıda baş verib. Yeni dairəvi yolda Sumqayıt şəhər sakini Natiq Eminov idarə etdiyi “Mercedes” markalı avtomobilini qarşıda gedən Salyan rayon sakini Rafiq Əliyevin idarə etdiyi 10- TG- 280 dövlət nömrə nişanlı 211 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusa vurub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1975-ci il təvəllüdlü Natiq Eminov aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Şərhlər