Rza Zərrabın milyonlarla dollarlıq villalarında söküntü başladı

Villalardakı qaçaq artırmalar tamamilə söküləcək.
Rza Zərrabın sökülən villası
Rza Zərrabın sökülən villası

Hazırda ABŞ-da həbsdə olan Azərbaycan əsilli, türk iş adamı Rza Zərrabın dəbdəbəli villasının qanunsuz yolla tikilən hissələrinin söküntüsü başlayıb. 

ANS PRESS-in məlumatına görə,  Rza Zarrabın İstanbulun Kandilli səmtindəki 3 mərtəbəli villası İstanbul Böyükşəhər Bələdiyyəsi Abadlıq İdarəsinin briqadaları tərəfindən sökülür. 

61 metr uzunluğunda olan bu tikilinin əlavə tikilən hissələri tamamilə söküləcək. Bina əvvəlki formasına uyğun restavrasiya ediləcək. 

İş adamı sözügedən bu iki villanı (yalı) qızı Alaranı dünyaya gətirdiyinə görə həyat yoldaşı Ebru Gündeşe hədiyyə etmişdi. Kanlıcadakı villaların qiyməti o zaman 40 milyon dollar dəyərində olub. 

Bir müddət əvvəl iş adamı dəniz mənzərəli 2 köşk alıb. 4 hektar ərazi olan əkiz villa 1000 kvadrat metrdir. Mülkləri aldıqdan sonra Zərrab onların tarixi görkəminə müdaxilələr edib və bəzi hissələri əlavə etdirib. 

Villalar öncə və sonra
Villalar öncə və sonra

O, villaları aldıqdan sonra hərəkətin rahatlığını təmin etmək üçün lift quraşdırmış, mərtəbə sayını artırmışdı. 

Qoşa yalı 1970-ci ildə tarixi əsərlər siyahısına salınıb. 

Bu gün ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda, bank saxtakarlığında və "çirkli pulları" yumaqda təqsirli bilinərək ABŞ-ın Mayami şəhərində hava limanında saxlanılan və məhkəmənin qərarı ilə həbs edilən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrab mühakimə olunmaq üçün Nyu-Yorkda məhkəməyə çıxarılacaq.

Nyu-York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən 33 yaşlı Zərrab iki İran vətəndaşı - Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir. Hakim Riçard Berman hər üç şübhəli üçün ümumilikdə 75 il həbs cəzası tələb edib.

ABŞ-da həbs edilən Rza Zərrabın ilk fotosu
ABŞ-da həbs edilən Rza Zərrabın ilk fotosu

Rza Zərrab məşhur türk müğənnisi Ebru Gündeşin həyat yoldaşıdır və onların bir qızı var. İş adamı mart ayının son günlərində Mayamidə həbs edilmişdi. 

Bundan öncə - 2014-cü ildə o, Türkiyədə keçirilən böyük rüşvət əməliyyatı zamanı saxlanmış, bir neçə aydan sonra azad edilmişdi.