Qaz zavodu partladı, 100 nəfər diri-diri yandı

Ölənlərin çoxu Yeni il bayramı üçün qaz balonu doldurmağa gələnlərdir.
Nigeriyada qaz tankeri partlayıb. Partlayış nəticəsində azı 100 nəfər diri-diri yanıb.

ANS PRESS-in məlumatına görə, hadisə Nigeriyanın Nnevi şəhərində, səhər saat 11 radələrində Inter Corp Oil limited (LPG Gas Plant) müəssisəsində baş verib. Partlayışdan dərhal sonra başlayan yanğın faciənin böyüməsinə yol açıb.

Hadisə şahidlərinin sözlərinə görə, faciə çənə nasosla qaz vurulan zaman olub. Tankerlərdən biri gərəkli olan soyuma zamanını gözləmədən qazı boşaltmağa başlayıb. Bu zaman hadisə yerində Yeni il bayramı ilə bağlı qaz balonlarını doldurmağa gələn onlarla insan olub.

Nəticədə faciə qurbanlarının sayı dəfələrlə artıq olub. Ölənlər arasında qaz doldurmağa gələnlər, qurumun işçiləri, eləcə də təsadüfən yoldan keçən insanlar da olub. Onların çoxu isə diri-diri yanıb.
Xilasedicilər alovun güclü olması səbəbindən zavoda daxil ola bilməyiblər. Bunun üçün də zavodda hələ onlarla işçinin olduğu güman edilir.


Hadisədən görüntülər




İki il əvvəl də Nigeriyanın neftlə zəngin Delta regionunda yanacaq daşıyan yük maşınının qəzaya uğrayaraq alovlanması nəticəsində 100-ə yaxın adam həlak olub. Polisin məlumatına əsasən, maşın Rivers ştatında aşdıqdan sonra insanlar daşmış yanacağı toplamaq üçün əraziyə axışıblar. Bu zaman Tanker qəfildən alışıb, nəticədə 92 adam ölüb, bir neçə nəfər isə ciddi xəsarət alıb.

Ən böyük insan itkisi isə Nigeriyada 2006-cı ilin bu günü olub. Belə ki, Nigeriyanın Laqos şəhərində boru kəmərinin yanğını yerində 500-dən artıq cəsəd aşkar olunub ki, bunların əksəriyyəti tanınmaz dərəcədə yanıb. Agentliyin hadisə yerində olan fotoqrafı məlumat verib ki, 500-dən 700-dək yanmış cəsəd sayıb.


Nigeriya, Laqos ştatı