Azərbaycanda kredit borcu qətlə səbəb oldu

Hadisəyə səbəb götürülən kreditin qaytarılmaması olub.
Ağsu rayonunun dəhşətli qətl baş verib. Kişi öz bacısının ərini qətlə yetirib.

Kalva kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə,1981-ci il təvəllüdlü Elşən Sevday oğlu Hacıyev aralarında yaranan şəxsi münaqişə zəminində bacısının həyat yoldaşı, Şamaxı rayon sakini, 1975-ci il təvəllüdlü Asif Adil oğlu Zeynalovu ov tüfəngi ilə qətlə yetirib. Güllə yarası alan Asif Zeynalov aldığı xəsarətlərin ağırlığından hadisə yerində dünyasını dəyişib.

Sakinlər hadisə baş verən vaxt Elşən Hacıyevin sərxoş olduğunu bildirirlər.

Hadisəyə səbəb isə yeznə-qayının bankdan birgə 5 min manat kredit götürməsi, qətli törədən şəxsin isə krediti ödəyə bilməməsi olub. Asif Zeynalov qayınının yanına gələrək özünün krediti ödədiyi halda onun ödəməməsini irad tutub. Bu irad da Elşən Hacıyevin xoşuna gəlməyib. Fermada çoban işləyən Elşən Hacıyev yeznəsini elə fermada qətlə yetirib.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanları əməkdaşları qətli törədən şəxsi həbs edib, qətldə istifadə edilən silahı maddi subut kimi götürüblər.

Hər iki şəxsin 2 azyaşlı övladı var.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İki gün əvvəl də Ağsu rayonunda qətl hadisəsi baş verib. Ağsu şəhərində yaşayan 1977-ci il təvəllüdlüTərlan Əzizbala oğlu Baxşıyevlə şəxsi həyətində 1980-ci il təvəllüdlü Rüstəm Şamxal oğlu Osmanov arasında mübahisə yaranıb. Daha sonra mübahisə böyüyüb və Tərlan Baxşıyev münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Rüstəm Osmanova xəsarət yetirib. R.Osmanov aldığı xəsarətlərin ağırlığından hadisə yerində ölüb.