Ördəklərinin ardınca gölə girən kişi batdı

Həmin şəxs Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Etibar Abbas oğlu Abışovdur.
Xilasetmə işləri aparılır
Xilasetmə işləri aparılır

Masallı rayonunda 59 yaşlı kişi suda batıb. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ötən gün axşam saatlarında rayonun Kosagül kəndində bir nəfərin gölə düşərək batması barədə polisə məlumat daxili olub. Dərhal əraziyə qanun keşikçiləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib. Gecə boyu davam edən axtarışlar nəticəsində batan şəxsin cəsədi batdığı yerdən 80 metr aralıda tapılaraq məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Araşdırmalar nəticəsində həmin şəxsin Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Etibar Abbas oğlu Abışov olduğu müəyyən edilib.

Polisdən verilən məlumata görə, 59 yaşlı kişinin ördəkləri həmin göldə üzürmüş və Etibar Abışov da quşlarla birgə sərinləmək qərarına gəlib. Lakin ehtiyatsızlıqdan həyatını itirib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar hadisə bir neçə gün əvvəl Salyan rayonunda da baş verib. Şəhər sakini 2001-ci ildə anadan olmuş Alxas Sadıq oğlu Mirməmmədov Akkuşa çayının qadağan olunmuş təhlükəli və dərin hissəsində çimərkən qəfildən su onu aparıb. Sudan çıxa bilməyən Alxas Mirməmmədov həyatını itirib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin dövlət sularda xilasetmə briqadasının əməkdaşları cəlb edilib.  Alxas Mirməmmədovun meyiti dünən axşam saatlarında batdığı yerdən 10 metr aralıda Fövqəladə Hallar Nazirliyinin "Salyan" sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Şərhlər