Salyan doğum evində faciə: üçəmlərdən ikisi öldü

Baş pediatr iki körpənin vaxtından öncə doğulmasının ölümə səbəb olduğunu deyib.
Yeni doğulan körpə
Yeni doğulan körpə

Salyanda iki qardaşı ölən körpə atası və Salyan rayon xəstəxanasının tibb bacısı ilə Bakıya gətirilib. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Salyanda dünyaya gələn üçəmlərdən sağ qalanı onların xəstəxanasına yerləşdirilib.

“Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Onun çəkisinin 1 kiloqram olduğu deyilir. İndi biz onu özümüz də çəkəcəyik".

Baş pediatr digər iki körpənin ölümündə də heç kimin günahkar olmadığı qənaətindədir.  Onun sözlərinə görə, uşaqlar vaxtından əvvəl doğulublar, onların kütləsinin az olması, bədən üzvlərinin çatışmazlığı, anadan gəldikdən ilk 4 saat sonra ölümlərinə səbəb olub. "Bəzən elə vaxtından əvvəl doğumlar olur ki, onları bətndən kənar yetişdirmək mümkün olur, bəzən bunda elm belə acizdir".

Nəsib Quliyev - baş pediatr
Nəsib Quliyev - baş pediatr

Saat 16:05

Salyan Rayon Mərkəzi Xəstəxanasında vəziyyəti ağırlaşan körpə Bakıya gətirilib.

ANS PRESS-in məlumatına görə, körpə Bakıda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Ölən körpələrin də meyitləri ekspertizadan keçirilmək üçün Bakıya gətirilib. 

Qeyd edək ki, körpələrin hər üçü oğlan olub.

Saat 12:48

Salyan Rayon Mərkəzi Xəstəxanasında eyni zamanda iki uşaq ölümü qeydə alınıb. ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarında xəstəxanada dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır. 

ANS PRESS-in "Report"a istinadla verdiyi məlumata görə, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. 

Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal olub və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və küvezdə saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

İnsidentin dəqiq hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün xəstəxana ilə əlaqə saxlasaq da məsələ ilə bağlı danışılacaq heç kim tapılmadı. "İndi xəstəxanada həkim yoxdur, hamısı polis bölməsindədir". Özünü sadə tibb işçisi kimi təqdim edən, lakin adını açıqlamayan şəxs ANS PRESS-ə bunu deməklə kifayətləndi. "İndi ana və ya körpələrdən birinin vəziyyətində problem olsa necə olacaq?" sualımıza isə telefonu söndürməklə cavab verdilər. 

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə ANS PRESS-ə açıqlamasında bildirib ki, uşaqların ölümünə səbəb işıq sönməsi olmayıb. “İşıq uşaqların vəfatından bir neçə saat sonra sönüb. Uşaqların ölümünə səbəb onların vaxtından əvvəl doğulması və çəkilərinin az olmasıdır. Onların vəziyyəti doğuşdan dərhal sonra ağırlaşıb. Bütün yardımlara baxmayaraq uşaqlar dünyasını dəyişdi. Digər uşağın vəziyyəti isə ağır olaraq qalır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də ANS PRESS-ə verilən açıqlamada uşaqların ölümünü onların vaxtından öncə doğulmaları ilə əlaqələndiriblər. "Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15 də üçəm dünyaya gətirib. Doğuş hamiləliyin 31-ci həftəsində baş verib. Uşaqların çəkisi 1,100 və 1,300 kq olub. Onlara yardım göstərilsə də həyatlarını xilas etmək mümkün olmayıb. Uşaqlar gecə saat 1 radələrində vəfat ediblər. Üçüncü uşağın da vəziyyəti ağırdır". 

"Azərişıq" ASC-dən ANS PRESS-ə verilən məlumata görə, valideynlərin iddiası araşdırılır. 

 

Şərhlər