Şəkidə 5 yaşlı uşaq zəhərlənərək öldü

O, evin tək oğlu olub.
Uşaq əli
Uşaq əli

Şəkidə ehtiyatsızlıqdan kimyəvi məhlul içən 5 yaşlı uşaq dünyasını dəyişib. Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Knyaz Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

"5 yaşlı Mövlud Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan “Neasidol” kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib. Məhlul ev sahibləri tərəfindən hazırlanıb. Onu adətən heyvanlarda gənə təmizləmək üçün istifadə edirlər. Çox güclü dərmandır. Uşaq onu içən kimi vəziyyəti pisləşib. Bura gətirdilər, dərhal reanimasiya şöbəsinə yerləşdirsək də həyatını xilas etmək mümkün olmadı", - deyə həkim qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

İyunun 10-da daha bir azyaşlı faciəvi şəkildə ölüb. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Beyləqan rayonunun Əhmədli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan 2013-cü il təvəllüdlü Pünhan Babayev evlərinin yaxınlığından keçən arxa yıxılaraq boğulub.

Onu tapa bilməyən valideynləri hüquq-mühafizə orqanlarına məlumat veriblər. Axtarışlar nəticəsində uşağın cəsədi arxdan tapılaraq ailəsinə təhvil verilib.

 

Şərhlər