Bakıda keçiddə vurulan piyadalar öldü

Piyada keçidində vurulan 3 kişidən ikisi dünyasını dəyişib.
Gecə Bakıda eyni avtomobillə 3 piyadanın vurulması və onlardan ikisinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, həmin avtoqəza Xəzər rayonu ərazisində, Albalılıq yaşayış massivində qeydə alınıb. Müəyyən edilib ki, piyada keçidi ilə yolu keçmək istəyən 3 kişi qəfildən “TOYOTA” markalı avtomobilin zərbəsinə tuş gəlib. Həmin piyadaların vəziyyətinin ağır olduğunu görən sürücü özü sonradan Təcili Tibbi Yardım xidmətinə məlumat verib. Ancaq Xəsarətləri daha ciddi olan piyadalardan ikisi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinə də məlumat verilib və İdarənin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu əraziyə cəlb olunub. Hadisə yerində müayinələr aparılıb. Yol qəzasını törətməkdə şübhəli bilinən “TOYOTA” markalı avtomobilin sürücüsü saxlanılıb və ifadəsinin alınması üçün polis orqanına aparılıb. İlkin ehtimal kimi avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilir. Təfərrüatlar araşdırılır.