Şəmkirdə iki qardaş bıçaqlandı, biri öldü

Hadisəni törədən şəxs polis tərəfindən axtarılır.
Bıçaqlanma hadisəsi
Bıçaqlanma hadisəsi

Şəmkirdə iki qardaş bıçaqlanıb, onlardan biri dünyasını dəyişib. Bu barədə ANS PRESS-ə Şəmkir Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib. 

"Dünən gecə radələrində xəstəxanamıza Zaur Abbasov adlı xəstə gətirilib. O, qarının ön divarının döş qəfəsinin sol yarısından bıçaq zədəsi almışdı. Xəstə gətirilən kimi dərhal cərrahiyə şöbəsinə yerləşdirildi və əməliyyat olundu. Hazırda vəziyyəti orta ağırdır. Digər xəstə, onun qardaşı Mahir Abbasov isə dünyasını dəyişib".

Hadisənin hansı zəmində baş verdiyi hələ ki dəqiq məlum deyil. Lakin ötən gecə Mahir və Zaur Abbasov qardaşları ilə Kür qəsəbə sakinləri arasında mübahisənin düşdüyü deyilir. 

İki qardaşın Kür qəsəbə sakini Sabit Əliyev tərəfindən bıçaqlandığı ehtimal edilir. Hadisə yerindən qaçan Sabit Əliyevin saxlanılması istiqamətində Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Analoji hadisə iyunun 14-də Gədəbəydə olmuşdu. İnsident Çağdaş kəndində qeydə alınmışdı. İki əmi oğlu - 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev onların uzaq qohumu Sərxan Tağıyev tərəfindən bıçaqlanmışdı.

Rayon polis şöbəsinin rəis müavini Bəhman Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə qız üstündə baş verib. Belə ki, gənclərin hər ikisi eyni qızı seviblər. "Röyal və Sərxan Şəkidən olan bir qızı sevirlər. Onlar bundan əvvəl də mübahisə ediblər. Çünki hər ikisi qıza telefonla zəng edibmiş. Ötən gün isə bir-birini görüblər və aralarında dava düşüb. Nəticədə Sərxan Tağıyev Röyal Nəbiyevi bıçaqlayıb. Araya girən Yaşar Nəbiyevə də bıçaq xəsarəti yetirilib".