Odessada azərbaycanlılar kütləvi dava saldılar

Davaya səbəb onların piyadalar üçün olan yolda "avtoşluq" etməsi olub.
Odessada baş verən olay
Odessada baş verən olay

Ukraynanın Odessa şəhərində azərbaycanlıların iştirakı ilə kütləvi dava olub. ANS PRESS-in məlumatına görə, bu barədə ictimai fəal Viktoriya Sibir öz "Facebook" səhifəsində xəbər verib.

Hadisə iyulun 10-da gecə yarısı şəhərin mərkəzində yerləşən Deribasovsk küçəsində baş verib. Hadisə şahidləri bildirib ki, gecə saatlarında Deribasovsk küçəsindən Qorsad küçəsinin qarşısına, Preobrajensk tərəfə yüksək sürətlə hərəkət edən qara BMW avtomobili yol qaydalarını pozaraq keçib. O istiqamətdə yol bağlı olduğundan maşın geri çevrilərək arxaya qayıdıb.

Bu zaman isə qayda pozanları küçənin ortasında artıq bir qrup Odessa sakinləri gözləyib. Sakinlər qara BMW-də olanlara izah etməyə çalışıb ki, bu, piyadalar üçün nəzərdə tutulan küçədir və burda avtomobil yarışları keçirmək olmaz. Bu zaman avtomobildə olan beş nəfər Azərbaycan sakini yerli sakinlərlə kobud formada danışıb.

Mübahisə getdikcə qızışıb.  Danışıqların gedişatında BMW sürücüsü sükan arxasına oturaraq Odessa sakini Anatoli Mazuru vurub və hətta onu avtomobilin kapotunda 300 metrə qədər sürütləyib.

Orada BMW-ni təsadüfən ərazidən keçən şəxsi mühafizə firmasının patrulu dayandırıb. Üç saatdan çox davam edən mübahisə yerinə beş polis maşını ekipajı toplaşıb. Azərbaycanlılardan biri baş verənləri lentə alan şəxsin əlindən telefonunu zorla alıb.

Faktla bağlı xuliqanlıq maddəsiylə iş açılıb, araşdırmalar aparılır.

İyulun 7-də Ukraynanın Odessa şəhərində azərbaycanlıya məxsus qızılı “Galendewagen”avtomobili cərimə meydançasına aparılıb. Polis avtomobilin düzgün park edilmədiyini görüb və sahibi gözləmədən evakuator vasitəsilə onu meydançaya aparıb. 

Odessa patrul polisinin rəhbəri Yevgeni Stelmax maşının hələ də cərimə meydançasında olduğunu bildirib. 

 

Şərhlər