"Son zəng"də kütləvi dava, məzun bıçaqlandı

"Röyal və Sərxan hər ikisi Şəkidən olan bir qızı seviblər".
Davaya hüquq-mühafizə orqanlarının cəlb olunması (arxiv)
Davaya hüquq-mühafizə orqanlarının cəlb olunması (arxiv)

Gədəbəydə "Son zəng" günü baş verən bıçaqlanma hadisəsinin mərasimə heç bir aidiyyəti yoxdur. Bunu ANS PRESS-ə açıqlamasında rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev deyib. Onun sözlərinə görə, bıçaqlanan və bıçaqlayan şəxslərin "Son zəng"lə heç bir əlaqələri yoxdur. “Onlardan ikisi qohumdur. Əmi uşaqlarıdırlar. Amma digərini tanımıram. Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm”.

Çağdaş rayon tam orta məktəbin direktoru Rəşadət Əliyev də şöbə müdirinin dediklərini təsdiqləyib. “Hadisə "Son zəng" günü olub. Onların qohumları bu il məzun olublar. Onlar da qohumlarını təbrik etmək üçün kəndə gəliblərmiş. Hadisəni törədənlər əmi nəvələri olub. Amma uzun illərdir ki, münasibətləri olmayıb. Axşam radələrində içkili olduqları üçün gənclər bir-birinə söz atıblar və aralarında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib".

Rayon polis şöbəsinin rəis müavini Bəhman Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə qız üstündə baş verib. Belə ki, gənclərin hər ikisi eyni qızı seviblər. "Röyal və Sərxan Şəkidən olan bir qızı sevirlər. Onlar bundan əvvəl də mübahisə ediblər. Çünki hər ikisi qıza telefonla zəng edibmiş. Ötən gün isə bir-birini görüblər və aralarında dava düşüb. Nəticədə Sərxan Tağıyev Röyal Nəbiyevi bıçaqlayıb. Araya girən Yaşar Nəbiyevə də bıçaq xəsarəti yetirilib". 

S.Tağıyev 1999, R.Nəbiyev 2000, Yaşar isə 1995-ci il təvəllüdlüdür. 

Saat 12:18

Gədəbəydə keçirilən "Son zəng" tədbirində bıçaqlanma hadisəsi olub. ANS PRESS-in məlumatına görə, hadisə Gədəbəy rayonunun Çağdaş kəndində qeydə alınıb. 

Məktəbdən kənarda keçirilən şənlikdə baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb.

Röyal Nəbiyevin atası Vüqar Nəbiyev ANS PRESS-ə bildirib ki, oğlu bu il məktəbi bitirib. Yaşar isə onun əmisi oğludur və hərbi xidmətdən yenicə qayıdıb.

"O, sadəcə Röyalın şənliyində iştirak edirdi. Hadisənin hansı səbəbdən baş verdiyini biz də bilmirik. Oğlum kürək, Yaşar isə bud nahiyəsindən bıçaq yarası alıb. Hazırda hər ikisinin vəziyyəti normaldır. Eşitmişik ki, artıq bıçaqlanma ilə bağlı kimisə tutublar. Amma biz heç onu da tanımırıq", - deyə ata bildirib.

V.Nəbiyevin sözlərinə görə, hazırda oğlu Röyal Nəbiyev və əmisi oğlu Yaşar Nəbiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasındadırlar.

Hadisə ilə bağlı şübhəli bilinən iki nəfər saxlanılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Şərhlər