"Sahil" metrostansiyasının yanında güclü yanğın

Yanğın binanın insanlar yaşamayan ikinci mərtəbəsində olub.
Sahil stansiyasının yaxınlığında baş verən yanğın
Sahil stansiyasının yaxınlığında baş verən yanğın

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu Z.Əliyeva küçəsi 24/52 ünvanında yanğın hadisəsi qeydə alınıb. Mürəkkəb taxta konstruksiyalı binanın 2-ci mərtəbəsinin arakəsmə divarlarında tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.

***16:01***

Metronun  “Sahil” stansiyasının yaxınlığında baş verən yanğının bəzi təfərrüatları bəlli olub. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 4 mərtəbəli binanın yanğın baş verən ikinci mərtəbəsində yaşayış yoxdur. Birinci, üçüncü və dördüncü mərtəbələrdə olan sakinlər isə ərazidən təxliyyə edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir. 

Yanğın zamanı vətəndaşlardan xəsarət alan olmasa da, FHN-nin bir əməkdaşının tüstüdən zəhərləndiyi bildirilir.

Yanğın baş verən ərazi
Yanğın baş verən ərazi

Saat 15:40

Bakının mərkəzində yaşayış binası yanır. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın metronun "Sahil" stansiyasının yaxınlığında - Bülbül prospekti ev 2 ünvanında (Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikası yaxınlığında) yerləşən 4 mərtəbəli yaşayış binalarından birində təxminən 1 saat əvvəl başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Briqadasının texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının iki maşını və həkim briqadası da əraziyə cəlb edilib.

Mənzillərdə yaşayan insanlar ərazidən təxliyə edilib.

 

Şərhlər