Azərbaycan çempionunu öldürən erməniyə hökm oxundu

Musiqiyə görə azərbaycanlını öldürən Çiçakyana 9 il cəza verilib.
Tiqran Çiçakyan - Hökm oxunan erməni idmançı
Tiqran Çiçakyan - Hökm oxunan erməni idmançı

Bu gün Yekaterinburqun Çkalov rayon məhkəməsində futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovun qətl işi üzrə məhkəmə prosesi yekunlaşıb. ANS PRESS-in məlumatına görə, son prosesdə qətli törətməkdə şübhəli bilinən erməni döyüşçü ve Sverdlovsk vilayətinin qarışıq döyüş sənəti üzrə yığmasının üzvü Tiqran Çiçakyana hökm oxunub. Məhkəmənin qərarı ilə T.Çiçakyan 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ötən gün baş tutan məhkəmə prosesində prokuror ittiham olunan şəxsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Zərərçəkən tərəfə maddi və ya mənəvi ziyanın ödənilməsi haqqında isə tələblər olmayıb.

E.Hüseynov ötən il aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb.

Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb. 

Emil Hüseynov- Qətlə yetirilən futbolçu
Emil Hüseynov- Qətlə yetirilən futbolçu
 

Şərhlər