İki motosiklet toqquşdu

Qəza nəticəsində 70 yaşlı kişi öldü.
"İJ" markalı yük motosikleti
"İJ" markalı yük motosikleti

İki motosikletin toqquşması faciəyə səbəb olub. Zaqatala rayonunda baş verən hadisədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.

ANS PRESS-in məlumatına görə, qəza Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndinin ərazisindən keçən hissəsində baş verib. Rayonun Fındıqlı kənd sakini, 44 yaşlı Bilal Nəbiyevin “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosikletlə eyni adlı digər motosiklet toqquşub. İkinci motosikletin sükanı arxasında isə Aşağı Çardaqlar kənd sakini, 43 yaşlı Bəxtiyar Mamayev olub.

Qəzadan sonra Bilal Nəbiyevin motosikletində olan sərnişin - Bakı şəhər sakini, 70 yaşlı  Pyotr Kuznetsov  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Bilal Nəbiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Digər motosikletin sürücüsü isə xəsarət almayıb. Qəza zamanı ölən 70 yaşlı Pyotr Kuznetsovun Zaqatalaya qonaq gəldiyi bildirilir.

Zaqatala RMX-dan  verilən məlumata görə, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən Bilal Nabiyevin vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Şərhlər