Gürcüstanın bir hissəsi su altında qaldı

Leysan Batuminin mərkəzi küçələrini də su altında qoyub.
Gürcüstan su altında (arxiv)
Gürcüstan su altında (arxiv)

Gürcüstanın bir neçə rayonu leysan yağışları nəticəsində su altında qalıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, gecə başlayan leysan yağışları Qərbi Gürcüstanı, xüsusilə Acarıstan, İmereti Abxaziya rayonlarının ərazilərini su altında qoyub.

Əldə olunan məlumata görə, güclü yağışlar nəticəsində Van bölgəsində (İmereti) 50-dən çox kənd, rayon ərazisinin 80%-i su altında qalıb. Daha çox Çixesulori, Mtisdziri, Şuamta, Salxino və Dixaşxo kəndləri zərər görüb.

Məlumatda o da deyilir ki, yerli əhalinin məhsulu yararsız hala düşüb. Elektrik xətlərinə ziyan dəyib və bu səbəbdən əhali işıqsız qalıb. Yağış hələ də davam etdiyindən müvafiq xidmət orqanları təmizləmə və bərpa işlərinə başlaya bilmir.

Leysan Batuminin (Acarıstan) mərkəzi küçələrini də su altında qoyub. Xüsusilə ziyan görən küçələrə Şapatava, Sulaberidze, Saakadze, Tabidze, Makaçariya, Ximşiaşvili, Lermontova və Baqrationa aiddir.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün müvafiq xidmətlər gücləndirilmiş iş rejimində çalışır.

 

Şərhlər