Şamaxı yolu yenə sürüşdü

Sürüşmə Acıdərə adlanan ərazidə baş verib.

Bakı-Şamaxı yolunda sürüşmə baş verib. ANS PRESS-in məlumatına görə, sürüşmə Acıdərə adlanan ərazidə qeydə alınıb. Yolun sıradan çıxmasına, bəzi yerlərdə iri çatların yaranmasına səbəb isə son iki gündə yağan leysan yağışları olub.

Sürücülər həmin istiqamətdə hərəkətin çətin və təhlükəli olduğunu qeyd edirlər. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ANS PRESS-ə açıqlamasında ümumiyyətlə, həmin istiqamətdə yolun 91-107-ci km-nin aktiv sürüşmə zonası hesab olunduğunu deyib. O, adıçəkilən istiqamətdə sürüşmənin tez-tez olduğunu bildirib. 

"İntensiv yağışlar nəticəsində yolun 107-ci km-də torpaq qatı yola doğru hərəkət edərək yol kənarına tökülüb. Artıq ötən gündən həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olunub. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb. Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə sürüşmə müşahidə olunmur".

A.Nəcəfli əlavə edib ki, Bakı-Şamaxı yolunun 91-107-ci km-də bir neçə yerdə sürüşmə zonası var. Onların yenidən qurulması üçün həmin hissə tenderə çıxarılıb. Qeyd olunan ərazi də gələcəkdə genişləndiriləcək, 2 hərəkət yolundan 4 hərəkət yoluna keçiləcək.

Anar Nəcəfli - "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli - "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri

Bir neçə gün öncə İsmayıllı rayonunun Sulut kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunda da sürüşmə baş vermişdi. Sürüşmə prosesi Sərsurə kəndinin giriş hissəsində, Sulut çayının sağ sahilində mailliyi 35-45 dərəcə olan dağətəyi ərazidə baş verib.

Sürüşməyə səbəb isə son zamanlar yağan intensiv yağışlar olub.

 

Şərhlər