Xaçmazda çimmək üçün kanala düşən kişi 15 gündür tapılmır (VİDEO)

Ailəsi axtarış işlərinin gücləndirilməsini və kanalın suyunun kəsilməsini tələb edir.
Xaçmazın Yeni Həyat qəsəbə sakini, 47 yaşlı Telman Qazıbəyov oktyabrın 17-də Samur-Abşeron kanalının Xaçmaz ərazisindən keçən hissəsində suya düşüb və bu günəcən onun meyitini tapıb kanaldan çıxarmaq mümkün olmayıb.

Yaxınlarının dediyinə görə, sərxoş vəziyyətdə olan Telman Qazıbəyov oktyabrın 17-si axşam saat 17 radələrində kanalda çimmək istəyib. Paltarlarını soyunub suya atılan Telman Qazıbəyovu o vaxtdan gördüm deyən yoxdu.

Meyitin tapılmamasında ailə FHN-nın axtarış qrupunu günahlandırır.

Kanalda batanın qardaşı Əmirxan Qazıbəyov bildirir ki, baxan yoxdu, FHN-ə gündə zəng edirəm baxırıq deyirlər, amma əslində baxmırlar, dalğıclar kanalın dərin yerlərinə, tunellərə baxmırlar.

Kanalda batan Telman Qazıbəyovun tapılmamasından yaşlı valideynləri və digər ailə üzvləri də narahatdır. Onlar əsasən meyitin gedib düşə biləcəyi Şabran ərazisindəki Taxtakörpü su anbarında və kanal boyu axtarışların davam etdirilməsini tələb edirlər.

Atası Ramazan Qazıbəyov isə axtarış işlərinin gücləndirilməsini və kanalın suyunun tamamilə kəsilməsini tələb edir.

Məsələ ilə abğlı FHN-nin Xaçmazdakı şimal regional mərkəzindən bildirildi ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin şimal dalğıc axtarış qrupunun əməkdaşları kanal boyu bir neçə dəfə axtarış aparıblar. Hətta Xaçmaz icra başçısının xahişilə Samur-Abşeron kanalının suyu müəyyən vaxta kimi kəsilib. Taxtakörpü su anbarına qədər də axtarışlar intensiv aparılıb. Amma Telman Qazıbəyovun meyitini, təəssüf ki, tapmaq mümkün olmayıb.

Regional mərkəzdən o da deyildi ki, Taxtakörpü su anbarında axtarış aparmağa həmin qurumdan icazə verilməyib. Onlara bildirmişik ki, anbarda axtarış aparılsa və nəticə versə, bizə məlumat versinlər. Amma, hələlik heç bir məlumat verilməyib. Mərkəzdən axtarışların kanal boyu yeniden davam etdiriləcəyi də bildirildi.