Daha bir məmurun həbs xəbəri yayıldı

Nazirlik isə balansında Optik Qurğular İdarəsinin olmadığını deyir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) daha bir yüksək vəzifəli əməkdaşı həbs edilib.

ANS PRESS-in Trendə istinadən verdiyi məlumata görə, nazirliyin Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq haqqında həbs-qətimkan tədbiri seçilib.

Məsələ ilə Baş Prokurorluğun mətbuat xidmətindən heç bir məlumat verilmədi.

RYTN-in mətbuat xidmətindən isə, ANS PRES-ə açıqlamalarında Optik Qurğular İdarəsinin nazirliyin tabeçiliyində olmadığını bildirdilər. Maraqlısı isə odur ki, ortada rəhbəri həbs olunan bir qurum var və hansı nazirliyə tabe olduğu bilinmir.


Xatırladaq ki, oktyabr ayının 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov prezident İlham Əliyevin səəncamı ilə işdən azad edilib. Bu xəbərdən sonra adıçəkilən nazirlikdə həbslər başlayıb. MTN-nin bir sıra rəisləri həbs edilib və ya işdən azad edilərək sərəncama göndəriliblər.

Oktyabr ayının 28-də MTN işi ilə bağlı RYTN-in aparat rəhbəri Vidadi Zeynalov həbsi barədə də xəbərlər yayılıb. Məlumata görə, işin materialları artıq Azərbaycanın Baş Prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsinə verilib və barəsində artıq 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Elə həmin gün nazirlikdən telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar nazirliyin əməkdaşlarının çoxunun dindirilməsi ilə bağlı da RYTN-dan ANS PRESS-ə məlumat vermişdilər.

Məlumata görə, ciddi yoxlamalar bir neçə gün öncə başlayıb.

V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.


Vidadi Zeynalov- RYTN-in aparat rəhbəri

B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.